Ədəbiyyat İnstitutu-rəsmi səhifə

Ədəbiyyat İnstitutu-rəsmi səhifə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Klassik irsin nəşri sahəsində 1920-30-cu illərdə başlayan geniş miqyaslı iş ardıcıl olaraq davam etdirilmişdir.

NİZAMİ GƏNCƏVİ ADINA ƏDƏBİYYAT İNSTİTUTU

Nizami adına Ədəbiyyat İnstitutu ölkəmizdə ədəbiyyatşünaslıq elmi sahəsində əsas elmi tədqiqat mərkəzi kimi tanınır. İnsititut yarandığı gündən başlayaraq xalqımızın ədəbi-mədəni tarixinin araşdırılması ilə ardıcıl məşğul olmuş, onun təbliği işində böyük fəaliyyət göstərmişdir.

İnsititut 1932-ci ilin yanvar ayından Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutu tərkibində Ədəbiyyat sektoru kimi fəaliyyət göstərmiş, Azərbaycan MİK-in 10 iyul 1933-cü il tarixli qərarı ilə Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutundan ayrılaraq Azərbaycan Dil, Ədəbiyyat və Sənət İnsititutu tərkibində 1933-cü il sentyabrın 1-dən fəaliyyətə başlamışdır. Həmin İnsititutun əsas təşkilatçısı və ilk direktoru prof.V.M.Xuluflu (1894-1938) olmuşdur. İnsititutda ədəbiyyat problemləri ilə folklor şöbəsi (müdiri Hənəfi Zeynallı) və yazılı Azərbaycan ədəbiyyatı şöbəsi (müdiri Əli Nazim) məşğul olmuşdur. 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası yarandıqda Dil və Ədəbiyyat İnstitutu kimi onun tərkibində olmuş, 1969-cu ildən isə müstəqil Ədəbiyyat İnstitutu olaraq fəaliyyət göstərmişdir. Beləliklə, 1932-ci ildə Ədəbiyyat sektoru kimi formalaşan İnsititut ötən 70 ildən artıq müddət ərzində Azərbaycanda filalogiya elminin mərkəzinə çevrilmiş, milli-mənəvi mədəniyyətin, xalqın folklorunun , klassik və müasir ədəbiyyatının öyrənilməsi ilə ardıcıl məşğul olmuş, onun tədqiqi, nəşri və təbliği sahəsində miqyaslı tarixi işlər görmüşdür. İnsititutda elmi və təşkilati işlərin yüksək səviyyədə qurulmasında və onun qarşısına qoyulan vəzifələrin həyata keçirilməsində Böyükağa Talibli, Bəkir Çobanzadə, Əli Nazim, Hənəfi Zeynallı, Salman Mümtaz, Səməd Vurğun, Məmməd Arif, Həmid Araslı, Məmməd Cəfər, Mirzə İbrahimov, Mirzağa Quluzadə, Feyzulla Qasımzadə, Məmmədhüseyn Təhmasib, Əli Sultanlı, Mir Cəlal və başqa görkəmli alimlər yaxından iştirak etmişlər.
İnstitut öz tarixinin müxtəlif dövrlərində zamanın tələblərinə uyğun yeni problemlərin, aktual məsələlərin tədqiqi ilə də məşğul olmuş və bütün hallarda bu qurumun strukturu həmin problemlərin həllinə imkan verən bir şəkildə müəyyənləşdirilmişdir.
Əvvələr İnstitutun əsas strukturu Azərbaycan ədəbiyyatının tarixinin, nəzəriyyəsinin, folklorun, ədəbi abidələrin tədqiqinə imkan verən «Ədəbiyyat tarixi», «Ədəbiyyat nəzəriyyəsi», «Folklor» və «Mətinşünaslıq» şöbələrini əhatə edən akademik qurumlardan ibarət olmuşdur. Bununla yanaşı, müxtəlif dövrlərdə zamanın tələbindən doğan şöbələr; məsələn, türk xalqlarının ümumi abidələrini, ədəbi-mədəni məsələlərini tədqiq edən «Ortaq türk ədəbiyyatı» və s. şöbələr fəaliiyyət göstərmişdir.

İNSTİTUTUN SABİQ DİREKTORLARI:
Vəli Xuluflu, Mirzə İbrahimov, Məmməd Arif, Məmmədağa Şirəliyev, Mirzağa Quluzadə, Məmməd Cəfər Cəfərov, Əziz Mirəhmədov, Yaşar Qarayev, Bəkir Nəbiyev. DİREKTOR MÜAVİNLƏRİ:
Kamal Talıbzadə, Vilayət Quliyev, Məhərrəm Qasımlı, Teymur Kərimli
ELMİ KATİBLƏR:
Timurçin Əfəndiyev, İmamverdi Həmidov, Arif Səfiyev, Nikpur Cabbarlı

ŞÖBƏLƏR VƏ ŞÖBƏ MÜDİRLƏRİ:
Son illərdə Akademiyada keçirilən islahatlarla bağlı olaraq İnstitutun strukturu da təkmilləşdirilmişdir. Hazırda İnstitutda 11 şöbə fəaliyyət göstərir.

İNSTITUTUN ƏSAS NƏŞRLƏRI:
İnstitutda nəşr işləri iki istiqamətdə aparılmışdır:
1.Azərbaycan ədəbi abidələrinin və klassiklərin əsərlərinin nəşri;
2.Elmi tədqiqat əsərlərinin nəşri. Demək olar ki, Azərbaycan ədəbiyyatının əksər klassiklərinin (Nizami, Xəqani, Fizuli, Zakir, Seyid Əzim, M.F.Axundov, C.Məmmədquluzadə, C.Cabbarlı, S.Vurğun və b.) əsərlərin bircildliyi və çoxcildliyi nəşr olunmuşdur. Həmçinin «Əkinçi» qəzeti, «Molla Nəsrəddin», «Fuyuzat» jurnalı kimi ədəbi-tarixi abidələrin, iyirmi cildlik «Azərbaycan klassik ədəbiyyatı kitabxanası»nın, dördcildlik «Cənubi Azərbaycan antologiyası»nın, F.Köçərlinin «Azərbaycan ədəbiyyatı» ikicildliyinin nəşri də İnstitutun mühüm işlərindəndir.
İnstitut mövcud olduğu müddətdə ədəbiyyatşünaslıq elminin aparıcı problemləri ilə məşğul olmuş və mühüm nailiyyətlər qazanmışdır. Xüsusilə Azərbaycan ədəbiyyatı tarixinin araşdarılması sahəsində ciddi işlər görmüşdür. Bu məsələ iki istiqamətdə keçirilmişdir:
1.Ayrı-ayrı görkəmli klassiklərin həyat və yaradıcılığının, həmçinin ədəbi-bədii problemlərin öyrənilməsi,
2.Çoxcildli «Azərbaycan ədəbiyyatı tarixi»nin yaradılması.
İnstitutun mühüm elmi nəşrlər sahəsində gördüyü işlər sırasında görkəmli ədəbiyyatşünaslarımız Məmməd Arifin, Məmməd Cəfərin, Ə.Mirəhmədovun, M.Quluzadənin, M.Təhmasibin, M.Seyidovun, Y.Qarayevin və başqalarının öz elmi-nəzəri səviyyəsi ilə yalnız ölkəmizdə deyil, xaricdə də həmişə diqqət mərkəzində dayanır. Monoqrafik və problematik tədqiqatların əsas məziyyətlərindən biri də ədəbiyyat tarixçiliyinin yaranmasında mühüm əhəmiyyətə malik olmasıdır. Bunun nəticəsidir ki, İnstitutun kollektivi tərəfindən müxtəlif dövrlərdə çoxcildli «Ədəbiyyat tarixi» kitabları yazılmışdır. İkicildlik «Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi» (1943-1944), üçciildlik «Azərbaycan ədəbiyyatı tarixi» (1958-1960), ikicildlik «Azərbaycan sovet ədəbiyyatı tarixi»(1967) kimi fundamental əsərlərin yaradılması bu baxımdan böyük elmi əhəmiyyət kəsb edir. İnstitutun hazırladığı altıcildlik «Azərbaycan ədəbiyyatı tarixi»nin birinci cildi artıq çapdan çıxmış, ikinci və üçüncü cildləri isə nəşr prossesindədir. Xaricdə yaşayan azərbaycanlılar üçün yazılmış «Azərbaycan ədəbiyyatı (Müxtəsər oçerk)» kitabı da işıq üzü görmüşdür. Fəaliyyət göstərdiyi dövrdə İnstitutda mindən artıq monoqrafiya və kollektiv elmi-tədqiqat işi hazırlamış və nəşr edilmişdir ki, bunların bir çoxu ölkədə, habelə xaricdə elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdir.

İNSTITUTUN BEYNƏLXALQ ƏLAQƏLƏRI:
İnstitut alimlərinin əsərləri tez-tez xarici ölkələrdə (İran, Türkiyə və s.) çap olunur, həmçinin xarici alimlərin əsərləri nəşr üçün İnstituta göndərilir. Eyni zamanda İnstitutun əməkdaşları xaricdə keçirilən beynəlxalq simpoziumların, regional elmi konfransların təşkilində və işində fəal iştirak edirlər. Xarici alimlər də İnstitutda keçirilən elmi simpozium və konfranslarda («Fizuli-500», «Kitabi-Dədə Qorqud-1300», «Azərbaycan mühacirət ədəbiyyatı» və s.) iştirak etmişlər. MDB ölkələri, Polşa, Almaniya, Yuqoslaviya, Bolqarıstan, Fransa, ABŞ, İngiltərə,Türkiyə, İran, İraq alimləri ilə elmi yaradıcılıq əlaqələri indi də müxtəlif istiqamətlərdə davam etdirilir. İnstitut ölkəmizdə ədəbiyyatşünaslıq sahəsində kompleks elmi-tədqiqat problemlərinin əlaqələndirilməsi üzrə də əsas mərkəzdir. Respublikamızın digər elmi-tədqiqat idarələrində və ali təhsil müəssisələrində bu sahədə aparılan tədqiqatların və dissertasiya mövzularının koordinasiyası, müəyyənləşdirilməsi və qeydə alınması İnstitutun nəzdindəki ədəbiyyatşünaslıq üzrə problem şurası tərəfindən həyata keçirilir.
Ümumiyyətlə, İnstitut fəaliyyət göstərdiyi 70 ildən artıq müddətdə ölkəmizdə ədəbiyyatşünaslıq elminin inkişafında, elmi-nəzəri fikrin müasir tələblər səviyyəsinə qaldırılmasında mühüm xidmətlər göstərmişdir. 1982-ci ildə Nizami adına Ədəbiyyat İnstitutu elmin inkişafındakı xidmətlərinə görə 50 illik yubileyi ilə əlaqədar olaraq «Xalqlar Dostluğu ordeni» ilə təltif edilmişdir. İnstitutun əməkdaşlarından 16 nəfəri keçmiş SSRİ-nin və müstəqil respublikamızın orden və medalları ilə təltif edilmiş, 12 nəfər Əməkdar elm xadimi fəxri adı almış, 6 nəfər Azərbaycan Respublikasının Dövlət Mükafatına layiq görülmüşdür.

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Dünya ədəbiyyatı və komparativistika şöbəsinin doktorantı Günay Bayramo...
18/09/2026

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Dünya ədəbiyyatı və komparativistika şöbəsinin doktorantı Günay Bayramova, elmi rəhbəri, şöbə müdiri, filologiya elmləri doktoru, professor Gülər Abdullabəyovanın rəhbərliyi ilə 19–20 avqust 2026-cı il tarixlərində İspaniyanın Barselona şəhərində keçirilən “International Conference on Comparative Literature and Cultural Studies” beynəlxalq elmi konfransında iştirak edib.

https://www.instagram.com/p/DdbPBMijOFn/?stkn=MXVieXAwbGxiM2Nnag==

Ədəbiyyat İnstitutunda “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasında ədəbiyyat məsələlərinə aid müzakirə keçirilib Azə...
17/09/2026

Ədəbiyyat İnstitutunda “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasında ədəbiyyat məsələlərinə aid müzakirə keçirilib

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasında ədəbiyyat məsələlərinə aid müzakirə keçirilib.
Müzakirədə Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya elmləri doktoru, dosent Mehman Həsənli, elmi katib, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı, AMEA Rəyasət Heyətinin elmi katibi filologiya elmləri doktoru Sərxan Xavəri, İnsan resursları şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Aynur Mahmud, Mədəniyyət Nazirliyinin Azərbaycan dili və ədəbiyyatı sektorunun müdiri Xəyal Məmmədov, həmin sektorun böyük məsləhətçisi Elşad Əliyev və İnstitutun bir sıra əməkdaşları iştirak ediblər.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 14 yanvar 2026-cı il tarixli Sərəncamı ilə “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası” təsdiq edilib. Tədbirdə həmin konsepsiyanın tələblərinə uyğun olaraq ədəbiyyatla bağlı müzakirələr aparılıb.
Tədbiri giriş sözü ilə açan İnstitutun direktor müavini Mehman Həsənli Konsepsiyanın tarixi əhəmiyyətindən söz açıb. Mədəniyyət Nazirliyi ilə Ədəbiyyat İnstitutunun birgə layihələrinin hazırlanması və həyata keçirilməsinin Azərbaycan ədəbiyyatının inkişafı və təbliği baxımından əhəmiyyətli olacağını vurğulayıb.
Mədəniyyət Nazirliyinin Azərbaycan dili və ədəbiyyatı sektorunun müdiri Xəyal Məmmədov Azərbaycan ədəbiyyatının müasir inkişaf tendensiyalarının öyrənilməsi və dünya ədəbiyyatına inteqrasiyasının “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının əsas istiqamətlərinə uyğun gəldiyini söyləyib. Bu məsələlərin həyata keçirilməsi üçün ədəbiyyatşünas alimlərlə müzakirənin əhəmiyyətli olacağını bildirib. Verilən təkliflər əsasında bir sıra layihələrin gerçəkləşəcəyinə ümid ediyini vurğulayıb.
Müzakirədə Ədəbiyyat İnstitutunun əməkdaşlarından Nərgiz Cabbarlı, Almaz Ülvi, Bəsirə Əzizəliyeva, Şahbaz Şamığolu, Şəbnəm Mirzəzadə, Pəri Hümmətova, Lalə Həsənova, Töhfə Talıbova, İsmixan Osmanlı, Maya Həsənli, Nərmin Həsənova, Seyidnisə Lətifli, Nigar İsayeva, Orxan İsayev, Esmira Fuad müxtəlif təkliflərlə çıxış ediblər.
Müzkirələrlə bağlı AMEA Həyasət Heyətinin nümayəndələri olan Sərxan Xavəri və Aynur Mahmud da öz fikirlərini bölüşüb.

https://www.instagram.com/p/DdZnCT4DP0d/?stkn=NGwydXIyMnp5OWx4

Ədəbiyyat İnstitutunda Rəqəmsal hesabatlılığa keçidlə bağlı müzakirə keçirilib Azərbaycan Milli Elmlər Akademiyası Nizam...
16/09/2026

Ədəbiyyat İnstitutunda Rəqəmsal hesabatlılığa keçidlə bağlı müzakirə keçirilib

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Rəyasət Heyətinin Rəqəmsal Akademiya, Süni intellekt və Elektron xidmətlər şöbəsi ilə birgə rəqəmsal hesabatlılığa keçidlə bağlı müzakirə keçirilib.

Müzakirədə Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya elmləri doktoru, dosent Mehman Həsənli, elmi katib, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı və İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri, AMEA RH Rəqəmsal Akademiya, Süni intellekt və Elektron xidmətlər şöbəsinin müdiri, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Fariz İmranov və həmin şöbənin əməkdaşları iştirak ediblər.
Qeyd edək ki, Ədəbiyyat İnstitutu tərəfindən ilk dəfə iyun ayında yarımillik hesabat yeni bal sistemiylə təqdim edilmişdir. AMEA RH Rəqəmsal Akademiya, Süni intellekt və Elektron xidmətlər şöbəsi İREMB (İnsan Resursları və Elmmetrik Məlumatlar Bazası) bazasında EFRDM (Elmi Fəaliyyətin Rəqəmsal Dəyərləndirilməsi Meyarları) sistemi yaradılmışdır. Sistem əməkdaşların şəxsi kabinet sistemi ilə hesabatın elektron təqdimatına və nəticələrin bal sistemi ilə dəyərləndirilməsinə imkan yaradır.

Tədbiri giriş sözü ilə açan İnstitutun direktor müavini Mehman Həsənli Ədəbiyyat İnstitutunda rəqəmsal hesabatla bağlı aparılan işlər barəsində geniş məlumat verib. AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin rəhbərliyi altında Ədəbiyyat İnstitutunda görülən işlərdən və müasir dövrün tələblərinə cavab verən elmi yeniliklərdən söz açıb. Rəhbərliyin tapşırığı ilə ənənəvi plan işi formasının dəyişdirilməsi istiqamətində həyata keçirilən yeniliklərdən danışıb. Rəqəmsallaşma dövründə həmin plan işlərinin elmi dövriyyədə görünmədiyini, müasir meyarlarla ölçülə bilmədiyini diqqətə çatdırıb. Əlavə edib ki, müasir dövrdə ənənəvi hesabatdan rəqəmsal hesabata keçid dövrün tələbidir.

Sonra AMEA Rəqəmsal Akademiya, Süni intellekt və Elektron xidmətlər şöbəsinin müdiri, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Fariz İmranov çıxışında rəqəmsallaşmanın dünya tələbi olduğunu vurğulayıb. Bildirib ki, test üçün bal sisteminin beynəlxalq dəyərləndirmə formasını hazırlayıblar. Daha sonra şöbə tərəfindən hazırlanmış İREMB (İnsan Resursları və Elmmetrik Məlumatlar Bazası) bazasında EFRDM (Elmi Fəaliyyətin Rəqəmsal Dəyərləndirilməsi Meyarları) sistemi ərtafında müzakirələr aparılıb, təkliflər verilib.

https://www.instagram.com/p/DdWTF4uDChj/?stkn=ZXNmbHFkbDNpazI1

Akademik İsa Həbibbəylinin monoqrafiyası Britaniya Kitabxanasına təqdim edilibAMEA-nın prezidenti akademik İsa Həbibbəyl...
15/09/2026

Akademik İsa Həbibbəylinin monoqrafiyası Britaniya Kitabxanasına təqdim edilib

AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin 2021-ci ildə 10 dildə çap olunmuş “Böyük Azərbaycan şairi Nizami Gəncəvi” kitabının nüsxəsi rəsmi olaraq Londonda yerləşən Britaniya Kitabxanasının kolleksiyasına təqdim olunub.

Bu barədə London Kral İncəsənət Cəmiyyətinin (RSA) üzvü Neil Watson tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasına göndərilən məktubda bildirilib.

Məktubda deyilir:

“Azərbaycan Milli Elmlər Akademiyasının vebsaytı üçün rəsmi elan

Azərbaycan irsinin Böyük Britaniyada təbliği: Akademik İsa Həbibbəylinin Britaniya Kitabxanasına təqdim olunmuş Nizami Gəncəvi əsəri

Böyük Britaniya ilə Azərbaycan arasında beynəlxalq elmi əlaqələrdə mühüm və tarixi bir mərhələni bölüşməkdən şərəf duyuram.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəylinin böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin (1141–1209) həyatına, fəlsəfi irsinə və ədəbi irsinə həsr olunmuş, mühüm çoxdilli “Böyük Azərbaycan şairi Nizami Gəncəvi” əsərinin nüsxəsi rəsmi olaraq Londonda yerləşən Britaniya Kitabxanasının kolleksiyasına təqdim olunub.

Bu təşəbbüs Avropa və beynəlxalq akademik ictimaiyyətə Nizami irsinin ən yüksək elmi səviyyədə hazırlanmış ətraflı illüstrasiyalı tədqiqatına birbaşa çıxış imkanı yaradır.

Akademik İsa Həbibbəyli görkəmli ədəbiyyatşünas alim və Azərbaycan ədəbiyyatı tarixi, folkloru, eləcə də Şərq və Qərb maarifçiliyinə dair mövzuların tədqiqi sahəsində tanınmış mütəxəssisdir. Onun əzmlə apardığı tədqiqatlar fəlsəfi təfəkkürün və sosial-ədəbi cərəyanların təkamülünün, həmçinin bəşəriyyətin inkişafında həlledici rol oynayaraq regionun mədəni mənzərəsini formalaşdırmış əsas intellektual şəxsiyyətlərin dərindən təhlilinə həsr olunub.

AMEA-nın rəhbəri kimi akademik İsa Həbibbəyli akademik tədqiqatların beynəlxalq səviyyədə inkişafına əvəzsiz töhfə verir. Onun rəhbərliyi ilə AMEA Avropanın və dünyanın aparıcı elmi mərkəzləri ilə birgə təşəbbüslər həyata keçirərək, beynəlxalq tərəfdaşlıq əlaqələrini misli görünməmiş səviyyədə fəal şəkildə genişləndirir.

Akademik İsa Həbibbəylinin Nizami Gəncəvinin yaradıcılığına, eləcə də XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycan maarifçiliyinə dair genişmiqyaslı tədqiqatları müasir nizamişünaslıq və ədəbiyyatşünaslıq üçün yeni bir meyar müəyyənləşdirib. Bununla yanaşı, o, AMEA-nın ölkənin əsas intellektual mərkəzi kimi rolunu möhkəmləndirərək, qabaqcıl elmi məktəblərin inkişafına yorulmadan dəstək verib.

İsa Həbibbəylinin Nizami Gəncəviyə həsr olunmuş monoqrafiyasının Britaniya Kitabxanasına təqdim edilməsi, dünyanın ən böyük və ən məşhur kitabxanalarından birinin fonduna sadəcə bir kitabın əlavə edilməsindən daha artıq bir məna daşıyır. Bu, qlobal elmi müzakirələr çərçivəsində klassik Azərbaycan irsinin düzgün və dərindən dərk edilməsinə təkan verən mühüm akademik körpü rolunu oynayır. Humanizm, etika və müdrikliklə zəngin olan Nizami yaradıcılığı mədəniyyətləri birləşdirməkdə davam edir, aktuallığını qoruyub saxlayır və belə fundamental tədqiqatlar vasitəsilə Azərbaycan elmi ən yüksək beynəlxalq səviyyədə əks-səda doğurmaqda davam edir.

Neil Watson,

Kral İncəsənət Cəmiyyətinin (RSA) üzvü,

London, Birləşmiş Krallıq”.

P.S: Akademik İsa Həbibbəylinin 2021-ci ildə “Elm və təhsil” nəşriyyatında çap edilmiş “Böyük Azərbaycan şairi Nizami Gəncəvi” kitabında Azərbaycan, türk, rus, ingilis dillərində “Xəmsə” yaradıcısı haqqında monoqrafik tədqiqat, Çin, polyak, bolqar, alman, ukrayna, gürcü dillərində məqalələr toplanmışdır.

https://www.instagram.com/p/DdTScf_SaTB/?stkn=MXdtZWR3MHAwajRpaA==

Ələkbər Salahzadənin yaradıcılığı haqqında tədqiqat əsəri işıq üzü görübFilologiya elmləri doktoru, professor Nizami Tağ...
14/09/2026

Ələkbər Salahzadənin yaradıcılığı haqqında tədqiqat əsəri işıq üzü görüb

Filologiya elmləri doktoru, professor Nizami Tağısoyun “Ələkbər Salahzadənin avanqard poetik sistemində tarixi yaddaş” adlı monoqrafiyası işıq üzü görüb.

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi şurasının qərarı ilə nəşr olunan monoqrafiyanın elmi redaktoru filologiya elmləri doktoru, professor Asif Rüstəmli, rəyçisi isə filologiya üzrə fəlsəfə doktoru, dosent Safura Quliyevadır.

Ələkbər Salahzadə Azərbaycan poeziyasında özünəməxsus poetik dünyası, orijinal düşüncə tərzi və avanqard yaradıcılıq üslubu ilə seçilən sənətkarlardandır. Onun yaradıcılığı ilə bağlı müxtəlif illərdə ayrı-ayrı məqalə və tədqiqatlar aparılsa da, şairin özünə və sözünə, nə də şəxsiyyətinə dair hər hansı fundamental araşdırmalar işıq üzü görməyib.

Nizami Tağısoyun yeni monoqrafiyası məhz bu baxımdan xüsusi elmi əhəmiyyət daşıyır. Müəllif Ələkbər Salahzadənin həyat və yaradıcılıq yolunu, poetik dünyagörüşünü və ədəbi-estetik prinsiplərini geniş tədqiqat müstəvisində araşdıraraq şairin yaradıcılığının müxtəlif istiqamətlərinə kompleks yanaşır.

Monoqrafiyada Ələkbər Salahzadənin poeziyasında sərbəst vəzn, söz yaradıcılığı, poetik diskursda modernist üslub, peyzajın polifunksionallığı, idraki-fəlsəfi poeziyanın xüsusiyyətləri, poemalarında tarix və ədəbi şəxsiyyət məsələləri geniş təhlil olunur.

Tədqiqat əsərində, həmçinin şairin uşaq dünyası, poeziyasının başqa dillərə tərcüməsi, mütərcimlik fəaliyyəti və ədəbi tənqiddə Ələkbər Salahzadə obrazının formalaşması kimi məsələlərə də diqqət yetirilir.

Monoqrafiyanın əsas istiqamətlərindən biri Ələkbər Salahzadənin avanqard poetik sistemində tarixi yaddaşın bədii ifadə xüsusiyyətlərinin araşdırılmasıdır. Müəllif şairin poetik mətnlərini ədəbi-bədii, fəlsəfi-estetik, ontoloji və intellektual müstəvilərdə təhlil etməklə onun yaradıcılığının Azərbaycan poeziyasındakı yerini və əhəmiyyətini müəyyənləşdirməyə çalışır.

Əsər yalnız Ələkbər Salahzadə yaradıcılığının ayrı-ayrı aspektlərinin öyrənilməsi baxımından deyil, bütövlükdə Azərbaycan poeziyasında modernist və avanqard poetik düşüncənin inkişaf xüsusiyyətlərinin araşdırılması baxımından da maraq doğurur.

Monoqrafiya nəzəriyyəçilər, ədəbiyyatşünaslar, filosoflar, estetiklər, kulturoloqlar, Ələkbər Salahzadənin yaradıcılığı ilə maraqlanan tədqiqatçılar və geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

https://www.instagram.com/p/DdRxxZjMNM7/?stkn=MW10MHpxbGZsaDFsNg==

Bədirxan Əhmədli: Azərbaycan-Pakistan ədəbi əlaqələri xalqların ortaq bədii düşüncəsindən qaynaqlanırAzərbaycan-Pakistan...
14/09/2026

Bədirxan Əhmədli: Azərbaycan-Pakistan ədəbi əlaqələri xalqların ortaq bədii düşüncəsindən qaynaqlanır

Azərbaycan-Pakistan ədəbi əlaqələri qədim tarixə malikdir və xalqların bədii düşüncəsindən, etnomədəni xüsusiyyətlərindən, Şərq ədəbi mühitində formalaşmış düşüncə mədəniyyətindən qaynaqlanır.

Bu fikirləri açıqlamasında AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli bildirib.

Professorun sözlərinə görə, AMEA-da Pakistanla bağlı araşdırmalar bir neçə institutda müxtəlif istiqamətlər üzrə aparılır. Pakistan ədəbiyyatının tədqiqi isə əsasən Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsində həyata keçirilir. Şöbənin yarandığı 2016-cı ildən etibarən Pakistan ədəbiyyatının tarixi, inkişaf yolu və mərhələləri, eləcə də görkəmli ədəbi şəxsiyyətləri ilə bağlı elmi məqalə və dissertasiyalar hazırlanır, müxtəlif elmi konfrans və sessiyalar təşkil olunur. Hazırda iki doktorant Pakistan ədəbiyyatı üzrə tədqiqat aparır. Şöbənin nəzdində yaradılmış Pakistan Ədəbiyyat Mərkəzi də bu istiqamətdə araşdırmaların davamlılığının təmin olunmasına xidmət edir. Burada Azərbaycan və Pakistan xalqlarının ədəbi-bədii düşüncəsinin qarşılıqlı öyrənilməsi istiqamətində elmi işlər aparılır.

Müsahibimiz bildirib ki, minilliklərdən gələn islami düşüncə və təsəvvüf görüşləri iki xalqın müasir bədii düşüncə arealında mühüm yer tutur. Professor Azərbaycan və Pakistan xalqlarının ədəbi-mədəni yaxınlığının tarixi köklərinə də diqqət çəkib. Onun sözlərinə görə, İslamın qəbulundan sonra hər iki xalq islami düşüncə sistemini paylaşmağa başlayıb. Mərkəzi Asiya regionunda bir-birini əvəz edən türk dövlətləri, xüsusilə Qəznəvilər və digər türk sülalələri indiki Pakistan ərazisinin islamlaşmasında mühüm rol oynayıb. Din, etnik, mədəni və ədəbi düşüncə bütövlükdə xalqların vəhdətini yaradıb. Bu tarixi və mədəni yaxınlıq müasir dövrdə özünü müxtəlif istiqamətlərdə göstərir.

Azərbaycan və Pakistan ədəbiyyatlarının ortaq xüsusiyyətlərindən danışan alim bildirib ki, Quran ayələri və dini motivlərdən istifadə, sufizm, hürufilik və digər Şərq ədəbi cərəyanları hər iki xalqın bədii düşüncəsində mühüm yer tutur. Rumi, Cami, Nizami Gəncəvi və Hindistan yarımadasında yaşayıb-yaratmış Əmir Xosrov Dəhləvi kimi böyük sənətkarlar isə hər iki xalq üçün ortaq ədəbi-mədəni dəyərlər sırasında yer alır.

Professor son illərdə Azərbaycan-Pakistan ədəbi əlaqələrinin inkişafı istiqamətində həyata keçirilən layihə və tədbirlərə də toxunub. Bildirib ki, bu tədbirlərdə Azərbaycan və Pakistanın diplomatik nümayəndələri də iştirak edərək iki xalqın ədəbiyyatının qarşılıqlı tədqiqinə dəstək veriblər. B.Əhmədli 2022-ci ildə Lahor Dövlət Kollec Universiteti ilə birgə Bakıda və Lahorda keçirilən konfransı iki xalqın ədəbi-mədəni mühitinin yaxınlaşması baxımından mühüm elmi tədbirlərdən biri kimi qiymətləndirib. Professor, həmçinin Pakistanda Nizami Gəncəviyə həsr olunmuş kitabın Pəncab Qubernatorluğunda təqdim edilməsini Pakistan cəmiyyətinin Azərbaycan klassik ədəbiyyatına marağının göstəricisi kimi dəyərləndirib. O, akademik İsa Həbibbəylinin ön sözü ilə “Kitabi-Dədə Qorqud” dastanlarının urdu dilinə tərcüməsinin İslamabadda nəşr olunmasını da Azərbaycan-Pakistan ədəbi-mədəni əlaqələrinin əhəmiyyətli nailiyyətlərindən biri kimi qeyd edib. B.Əhmədli Ədəbiyyat İnstitutu əməkdaşlarının müxtəlif vaxtlarda Pakistanda keçirilən elmi konfranslarda məruzələrlə çıxış etdiyini və pakistanlı alimlərlə əməkdaşlıq əlaqələri qurduğunu bildirib.

“Şöbənin potensialının imkan verdiyi qədər Pakistan ədəbiyyatı ilə bağlı araşdırmalarımızı davam etdirəcəyik. Məqsədimiz iki xalqın zəngin ədəbi irsinin qarşılıqlı şəkildə öyrənilməsinə, elmi və mədəni əlaqələrin daha da inkişaf etdirilməsinə töhfə verməkdir”, - deyə alim bildirib.

https://www.instagram.com/p/DdQnuQOjB1t/?img_index=1&stkn=MTlpMng5Y3Jkd3dvMQ==

AMEA-da Pakistan ədəbiyyatı üzrə yeni tədqiqatlar aparılırAzərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Əd...
14/09/2026

AMEA-da Pakistan ədəbiyyatı üzrə yeni tədqiqatlar aparılır

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Pakistan ədəbiyyatının müxtəlif istiqamətləri üzrə elmi tədqiqatlar davam etdirilir.

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru, dosent Bəsirə Əzizəliyeva açıqlamasında bildirib ki, şöbədə Pakistan ədəbiyyatının öyrənilməsi ilə yanaşı, bu ölkənin ədəbi irsinin Azərbaycan oxucusuna təqdim olunması istiqamətində də mühüm işlər görülür.

Onun sözlərinə görə, Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədlinin təşəbbüsü ilə görkəmli Pakistan şairi Sultan Bahunun yaradıcılığından nümunələr Azərbaycan dilinə tərcümə olunub.

B.Əzizəliyeva Pakistan diaspor ədəbiyyatının tanınmış nümayəndəsi Nadim Aslamın yaradıcılığını da araşdırır. Bu istiqamətdə bir sıra elmi məqalələr hazırlanaraq çap olunub.

Qeyd edilib ki, hazırda Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsində Pakistan ədəbiyyatı üzrə “XXI əsr ingilisdilli Pakistan bədii nəsri” və “Sultan Bahunun yaradıcılığı: ənənə və müasirlik” mövzularında iki dissertasiya işi hazırlanır.

B.Əzizəliyeva bildirib ki, AMEA-nın Pakistan Ədəbiyyat Akademiyası ilə əməkdaşlığı ölkələrimizin ədəbiyyatlarının qarşılıqlı öyrənilməsi və təbliği baxımından mühüm əhəmiyyət daşıyır.

O vurğulayıb ki, Azərbaycan ədəbiyyatının Pakistanın elmi və ədəbi mühitində təqdim olunması milli ədəbiyyatımızın beynəlxalq səviyyədə tanıdılması baxımından mühüm əhəmiyyətə malikdir.

https://www.instagram.com/p/DdQnkQxMdLE/?stkn=b2xzeWViMzludGg1

AMEA-nın prezidenti İsa Həbibbəyli Pakistan Ədəbiyyat Akademiyasının prezidenti Nəcibə Ariflə görüşübAMEA-nın prezidenti...
14/09/2026

AMEA-nın prezidenti İsa Həbibbəyli Pakistan Ədəbiyyat Akademiyasının prezidenti Nəcibə Ariflə görüşüb

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Pakistan Ədəbiyyat Akademiyasının prezidenti professor Nəcibə Ariflə görüşüb.

AMEA-nın Rəyasət Heyətində keçirilən görüşdə akademik İsa Həbibbəyli Pakistanın hər zaman Azərbaycana dost, qardaş ölkə olduğunu, son illərdə dövlət başçılarımızın sıx münasibətləri sayəsində ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən elm sahəsində geniş əməkdaşlıq münasibətlərinin qurulduğunu və inkişaf etdirildiyini söyləyib.

Elmi əməkdaşlıq əlaqələri nəticəsində Akademiyada Pakistan ədəbiyyatı ilə bağlı tədqiqatların aparıldığını, AMEA-nın Ədəbiyyat İnstitutu tərəfindən Məhəmməd İqbalın “Seçilmiş əsərləri”nin Azərbaycan dilinə tərcümə edildiyini deyən akademik İsa Həbibbəyli, eyni zamanda “Kitabi-Dədə Qorqud” dastanının və özünün “Böyük Azərbaycan şairi Nizami Gəncəvi” adlı kitabının urdu dilinə tərcümə edilərək Pakistanda təqdimatlarının keçirildiyini diqqətə çatdırıb. Bildirib ki, Ədəbiyyat İnstitutu tərəfindən Sultan Bahonun əsərləri də tərcümə edilib və çap ərfəsindədir.

Bundan əlavə, Azərbaycan Milli Elmlər Akademiyasının Pakistan Ədəbiyyat Akademiyası, Lahor Dövlət Kollec Universiteti, Pakistan Müslüm İnstitutu, Sinqh Universiteti və digər akademik qurumları ilə geniş əlaqələrinin olduğunu, hazırda AMEA-nın Ədəbiyyat İnstitutunda Pakistan Ədəbiyyatı Mərkəzinin, Lahor Dövlət Kollec Universitetində isə öz növbəsində Azərbaycan Ədəbiyyatı Mərkəzinin fəaliyyət göstərdiyini vurğulayıb.

AMEA rəhbəri bu ilin oktyabr ayında keçiriləcək, Pakistanın da təmsil olunacağı 12-ci Bakı Beynəlxalq kitab sərgisində sərgi çərçivəsində birgə tədbirin keçirilməsini təklif edib.

Sonra çıxış edən Pakistan Ədəbiyyat Akademiyasının prezidenti professor Nəcibə Arif səmimi qonaqpərvərliyə görə minnətdarlığını bildirib, elmi və ədəbi əlaqələrimizin inkişafından məmnunluğunu dilə gətirib. O, 12-ci Bakı Beynəlxalq kitab sərgisində sərgi çərçivəsində birgə tədbirin keçirilməsini müsbət dəyərləndirib, müştərək tədbirlərin elmi əlaqələrimizin dərinləşməsinə və genişlənməsinə töhfə verdiyini söyləyib. Professor Nəcibə Arif Pakistan Ədəbiyyat Akademiyasında Azərbaycan ədəbiyyatı tarixi ilə bağlı tərcümə işlərinin davam etdirildiyini diqqətə çatdırıb.

Çıxışlardan sonra xatirə hədiyyələri təqdim edilib.

https://www.instagram.com/p/DdQnWQ1jIUx/?stkn=MXIxY3dhMTMzbnoyNw==

Vüqar Əhmədin Mir Cəlalın publisistikası haqqında monoqrafiyası çap olunub​AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu...
08/09/2026

Vüqar Əhmədin Mir Cəlalın publisistikası haqqında monoqrafiyası çap olunub

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor Vüqar Əhmədin “Mir Cəlal Paşayevin bədii publisistikası və mətbu fəaliyyəti” adlı monoqrafiyası işıq üzü görüb. (Bakı-2026, “Elm və Təhsil”) “Mir Cəlal Paşayevin bədii publisistikası və mətbu fəaliyyəti” monoqrafiyası Ədəbiyyat İnstitutu Elmi Şurasının 6 iyul 2026-cı il tarixli 5 saylı qərarı ilə çap olunub.
​Kitabın elmi redaktoru və ön sözün müəllifi Mətbuat tarixi və publisistika şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru, dosent Gülbəniz Babayeva, rəyçiləri BDU-nun kafedra müdiri, filologiya elmləri doktoru, professor Cahangir Məmmədli, Mətbuat tarixi və publisistika şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru Elçin Mehrəliyev, Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru,dosent Aygün Bağırlıdır.
​Monoqrafiyada XX əsr Azərbaycan ədəbiyyatının, elmi-ictimai fikrinin və milli mətbuat tarixinin görkəmli nümayəndəsi Mir Cəlal Paşayevin publisistik irsi və mətbuat fəaliyyəti ilk dəfə sistemli şəkildə araşdırılır. Ədibin publisistikasının mövzu, ideya, janr və üslub xüsusiyyətləri dövri mətbuat materialları əsasında təhlil olunur, onun Azərbaycan publisistikasının inkişafı və milli mətbuat tarixindəki yeri elmi baxımdan yüksək qiymətləndirilir.
​Tədqiqatda Mir Cəlalın 1920-ci illərin ikinci yarısından etibarən ölkənin aparıcı qəzet və jurnalları ilə əməkdaşlığı, mətbuatın cəmiyyətin mənəvi inkişafındakı roluna dair baxışları işıqlandırılır.
​Monoqrafiya filoloqlar, ədəbiyyatşünaslar, jurnalistlər, tədqiqatçılar, ali məktəb müəllimləri, doktorant və magistrantlar, həmçinin Mir Cəlal irsi və Azərbaycan mətbuat tarixi ilə maraqlanan oxucular, araşdırmaçılar üçün nəzərdə tutulmuşdur.

“Çingiz Aytmatov və Azərbaycan” ensiklopedik cildi hazırlanırAzərbaycan və Qırğızıstan arasında ədəbi-elmi əlaqələr son ...
31/08/2026

“Çingiz Aytmatov və Azərbaycan” ensiklopedik cildi hazırlanır

Azərbaycan və Qırğızıstan arasında ədəbi-elmi əlaqələr son illərdə yeni məzmun və istiqamətlər qazanaraq institusional əməkdaşlıq səviyyəsinə yüksəlir.

Müstəqillik dövründə formalaşan qarşılıqlı elmi və ədəbi təmaslar birgə tədqiqatların aparılması, ortaq nəşrlərin hazırlanması və iki xalqın ədəbi-mədəni irsinin qarşılıqlı öyrənilməsi üçün yeni imkanlar yaradıb. Hazırda bu əməkdaşlığın mühüm istiqamətlərindən biri böyük qırğız yazıçısı Çingiz Aytmatovun irsinin Azərbaycanla bağlı aspektlərinin araşdırılmasıdır.

Bunu açıqlamasında AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işlər və rəqəmsal inkişaf üzrə direktor müavini filologiya elmləri doktoru Mehman Həsənli söyləyib. O bildirib ki, qarşılıqlı elmi-ədəbi əlaqələr müstəqillik dövrünün yaratdığı imkanlar çərçivəsində yeni elmi əməkdaşlığın qurulmasına və birgə tədqiqatların həyata keçirilməsinə əlverişli şərait yaradıb. 2025-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası ilə Qırğızıstan Milli Elmlər Akademiyası arasında anlaşma memorandumu və Qırğızıstan-Türkiyə Manas Universiteti arasında əməkdaşlıq haqqında Saziş imzalanıb. Hər iki müqavilə birgə tədqiqatların aparılması üçün əsaslı zəmin yaradıb.

Bu gün AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə Qırğızıstan Elmlər Akademiyasının Çingiz Aytmatov adına Ədəbiyyat İnstitutu arasında elmi əməkdaşlıq uğurla davam etdirilir və birgə tədqiqat layihələri həyata keçirilir. Bu əməkdaşlığın mühüm istiqamətlərindən biri “Çingiz Aytmatov Ensiklopediyası”nın “Çingiz Aytmatov və Azərbaycan” cildinin hazırlanmasıdır.

Ensiklopediyanın Azərbaycan cildi hər iki qurumun əməkdaşlarının iştirakı ilə yazılmaqdadır. Nəşrin 2028-ci ildə - Çingiz Aytmatovun 100 illik yubileyi münasibətilə - həm Azərbaycan, həm də qırğız dillərində işıq üzü görməsi nəzərdə tutulur.

https://www.instagram.com/p/Dct82bxM01w/?igsi=MWp0a2NsamI4ejFvdQ==

Address

Hüseyn Cavid Prospekti, 117. Akademiya şəhərciyi, Əsas Bina
Baku
AZ1143

Alerts

Be the first to know and let us send you an email when Ədəbiyyat İnstitutu-rəsmi səhifə posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Ədəbiyyat İnstitutu-rəsmi səhifə:

Shortcuts

Share