İntiqam Mahmudov adına Gərgər kənd tam orta ümumtəhsil məktəbi

İntiqam Mahmudov adına Gərgər kənd tam orta ümumtəhsil məktəbi Gərgər kənd İntiqam Mahmudov adına tam orta ümumtəhsil məktəbi .Rayon mərkəzindən 8 km məsafədə yerləşir.İnşa1933

31/07/2026

📢 Məktəbəhazırlıq qruplarına qəbul prosesi davam edir!

Bu günədək Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına 2700-dən çox uşağın qeydiyyatı tamamlanıb.

📅 Qeydiyyat prosesi mektebeqebul.edu.az portalı üzərindən həyata keçirilir və 14 sentyabr saat 18:00-dək davam edəcək.

📌 Qeyd edək ki, məktəbəhazırlıq qruplarına yalnız 2021-ci il təvəllüdlü, yəni cari ildə 5 yaşı tamam olan uşaqlar qəbul edilir.

26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü. Güclü Dövlətin Güclü Ordusu.“Xalqla ordunun birliyi həm xal...
25/06/2026

26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü.

Güclü Dövlətin Güclü Ordusu.

“Xalqla ordunun birliyi həm xalqın qüdrətini, həm də ordunu daha da qüvvətli edir”. - Ulu Öndər Heydər Əliyev

“Bu gün bizim ordumuz dünya miqyasında güclü ordular sırasındadır. Biz bütün dünyaya göstərmişik ki, yenilməz xalq Azərbaycan xalqıdır, müzəffər ordu Azərbaycan Ordusudur. Erməni mifini məhv etdik, erməni uydurmalarını məhv etdik, onları yerinə oturtduq, onlar bizim qabağımızda diz çöküblər və onlar bundan sonra bu damğa ilə yaşayacaqlar, rəzalət damğası ilə yaşayacaqlar. Biz isə bundan sonra qürur hissi ilə yaşayacağıq - müzəffər xalq kimi, güclü dövlət kimi, yenilməz ordu kimi, güclü iradə sahibi kimi”

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti,

Silahlı Qüvvələrin Ali Baş Komandanı

Hər bir müstəqil dövlətin mövcudluğunu və təhlükəsizliyini təmin edən əsas amillərdən biri güclü ordunun olmasıdır. Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra qarşısında duran ən mühüm vəzifələrdən biri milli silahlı qüvvələrin yaradılması olmuşdur. Bu baxımdan Azərbaycan Ordusunun keçdiyi inkişaf yolu dövlətçilik tariximizin ən mühüm səhifələrindən birini təşkil edir.

Azərbaycan Respublikasında hər il iyunun 26-sı Silahlı Qüvvələr Günü kimi qeyd olunur. Bu tarix Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 26 iyun tarixində Əlahiddə Azərbaycan Korpusunun yaradılması haqqında qərar qəbul etməsi ilə bağlıdır. Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən həmin gün rəsmi dövlət bayramı elan edilmişdir.
Azərbaycan Ordusunun müasir inkişaf tarixinin əsasları Ulu Öndər Heydər Əliyevin fəaliyyəti ilə bağlıdır. 1969-cu ildə Azərbaycan rəhbərliyinə gələn Heydər Əliyev milli hərbi kadrların hazırlanmasının strateji əhəmiyyətini düzgün qiymətləndirərək bu sahəyə xüsusi diqqət ayırmışdır. Onun təşəbbüsü ilə 1971-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Lisey yaradılmışdır. Bu təhsil ocağı sonrakı dövrlərdə Azərbaycan Silahlı Qüvvələri üçün minlərlə peşəkar zabit və hərbi mütəxəssis yetişdirmişdir.
Eyni zamanda yüzlərlə azərbaycanlı gəncin SSRİ-nin nüfuzlu hərbi məktəblərində təhsil almasına şərait yaradılmışdır. Sonradan müstəqil Azərbaycanın Silahlı Qüvvələrinin əsas zabit heyətinin böyük hissəsi məhz həmin hərbi məktəblərin məzunlarından formalaşmışdır.
1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra ölkədə mürəkkəb siyasi və hərbi vəziyyət hökm sürürdü. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü fonunda nizami ordunun olmaması və müxtəlif silahlı dəstələrin mövcudluğu dövlət təhlükəsizliyi üçün ciddi təhdid yaradırdı. Müstəqilliyin ilk illərində hakimiyyətdə olan qüvvələr ordu quruculuğu sahəsində ciddi uğurlar əldə edə bilməmişdilər.
1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ilk növbədə dövlətçiliyin möhkəmləndirilməsi və nizami ordu quruculuğu istiqamətində mühüm addımlar atdı. Qısa müddətdə ayrı-ayrı silahlı birləşmələr ləğv edildi, vahid komandanlıq sistemi yaradıldı və peşəkar ordunun formalaşdırılmasına başlanıldı.
1994-cü ilin may ayında Ermənistan-Azərbaycan münaqişəsində atəşkəsin əldə olunması ordu quruculuğu prosesini daha da sürətləndirdi. Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi, hərbi hissələrin təminatının yaxşılaşdırılması, şəxsi heyətin döyüş hazırlığının artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirildi.

Azərbaycan Respublikası Silahlı Qüvvələri üçün ali hərbi təhsilli komandir və qəragah zabitlərinin, hərbi-elmi işçilərin hazırlanmasını, onların ixtisasının artırılmasını, hərbi iş sahəsində elmi tətqiqatların aparılmasını və dövlət orqanlarında çalışan yüksək vəzifəli şəxslərə respublikanın müdafiəsi ilə əlaqədar hərbi-strateji, hərbi-iqtisadi və hərbi-siyasi məsələlərin öyrədilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 20 fevral 1999-cu il tarixli fərmanı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası yaradılmışdır.

Silahlı Qüvvələrdə aparılan struktur dəyişiklikləri, döyüş əməliyyatlarının vahid rəhbərlik altında planlaşdırılması, hissələrin hərb elminin tələblərinə uyğun idarə edilməsi, kadrların saflaşdırılması Azərbaycan ordusunu keyfiyyətcə yeniləşdirib. 1990-cı illərin ortalarından başlayaraq Azərbaycan ilə NATO arasında sıx və səmərəli əməkdaşlıq yaradılıb.

Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirir. Məhz bu uğurlu siyasət nəticəsində Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir. Ötən illərdə ölkəmizin müdafiə sisteminin möhkəmləndirilməsi, Silahlı Qüvvələrdə aparılan islahatlar və bunun nəticəsi olaraq baş verən keyfiyyət dəyişikliklər Müzəffər Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğundakı davamlı işinin nəticəsidir.Hərbi quruculuq işi Prezident Cənab İlham Əliyevin dövlət siyasətinin strateji prioritetlərindəndir. Prezident İlham Əliyev demişdir:“Əminəm ki, Azərbaycan gücləndikcə ordumuz da güclənəcək və ordumuz istənilən vəzifəni həll etməyə hazırdır, buna qadirdir.” “Azərbaycan Ordusu nəinki bölgədə, həm hərbi potensialına, döyüş qabiliyyətinə, təchizata görə dünya miqyasında güclü ordular sırasındadır.”

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığı ilə Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində hərbi təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə Milli Müdafiə Universiteti yaradılıb.

Əvvəllər mövcud olan Silahlı Qüvvələrin Hərbi Akademiyası, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və digər xüsusi təyinatlı təhsil müəssisələri öz fəaliyyətlərini yeni yaradılan Milli Müdafiə Universitetinin nəzdində Hərbi Elmi-Tədqiqat İnstitutu, Hərbi İdarəetmə İnstitutu, Heydər Əliyev adına Hərbi İnstitut, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi, Heydər Əliyev adına hərbi lisey, Cəmşid Naxçıvanski adına hərbi lisey və Tibb Universitetinin Hərbi Tibb Fakültəsi adı altında fəaliyyət göstərirlər.
2016-cı ilin aprel döyüşləri Azərbaycan Ordusunun gücünü və peşəkarlığını nümayiş etdirdi. Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq həyata keçirilən uğurlu əks-hücum əməliyyatları nəticəsində strateji yüksəkliklər və ərazilər azad edildi.
2018-ci ilin may ayında keçirilən Günnüt əməliyyatı isə Azərbaycan Ordusunun növbəti uğuru oldu. Əməliyyat nəticəsində Naxçıvan istiqamətində mühüm strateji mövqelər nəzarət altına alındı və dövlət sərhədinin müdafiə imkanları daha da gücləndirildi.

Danılmaz faktdır ki, qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Düşmənin kapitulyasiyası ordumuzun gücü hesabına əldə olunmuş nəticədir. Müzəffər Azərbaycan Ordusu zəfər çaldı. Taleyimizin tarıxındən nişan verən bu günlərin bariz görüntülərindən biri də insanların görünməmiş birlik, həmrəylik nümayiş etdirməsidir. Dilindən, dinindən, siyasi fikirlərindən asılı olmayaraq, hər bir azərbaycanlının cənab Prezidentin ətrafında sıx birləşərək, həmrəylik göstərməsi Azərbaycan xalqının və onun rəhbərinin qüdrətindən xəbər verir. İllər uzunu torpaqlarımızın azad olunması üçün aparılan danışıqların fayda vermədiyini görən Azərbaycan Ordusu düşmənin 2020-ci il sentyabrın 27-dəki hücumunu adekvat cavablandıraraq məharətini göstərdi. Elə ilk gündən ordumuzun qalib olacağına böyük inam var idi. Əlbəttə ki, xalqımız müharibənin tərəfdarı deyildi, lakin çıxış yolu yox idi. Müharibə dövründə xalqa müraciətlərində öz qətiyyəti ilə əsgərlərimizə böyük əzmkarlıq və qorxmazlıq hissləri aşılayan dövlətimizin başçısı düşmənimizin himayədarlarına da öz dəmir yumruğunu göstərirdi. 44 günlük müharibə Azərbaycana böyük qələbə qazandırdı. Azərbaycan Ordusunun vətənpərvərliyi, peşəkarlığı dövlətimizin gücünü dünyaya göstərdi. Müzəffər Ordu onun qarşısında duran vəzifənin öhdəsindən məharətlə gəldi. 44 gün ərzində ərazilərin azad olunmasında xüsusi təyinatlıların böyük xidməti olub.

Vətən müharibəsində əldə olunmuş qələbədə payı olan hər bir hərbçi və mülki vətəndaş dövlət tərəfindən mükafatlandırılır. Vətən Müharibəsində qələbə münasibətilə “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin 15 yeni medal təsis olunub - “Vətən Müharibəsi Qəhrəmanı”, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə”. Həmin orden və medalların təsis olunması Qələbənin əbədiləşdirilməsinin və müharibə iştirakçılarına göstərilən ali diqqətin təzahürüdür.

Müasir ordu quruculuğu prosesində Prezident İlham Əliyevin həyata keçirdiyi hər bir islahat, tətbiq etdiyi yenilik son dərəcə səmərəli olub. Bu yeniliklər kompleks yanaşma siyasətinin tərkib elementi kimi çıxış edib.
Prezident İlham Əliyevin Ali Baş Komandan kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrində formalaşdırdığı yüksək döyüş əzmi, Vətən sevgisi, fədakarlıq keyfiyyəti özünü 44 günlük Vətən müharibəsində büruzə verib. Təkcə Şuşa şəhərinin işğaldan azad edilməsi zamanı hərbçilərimizin sərgilədiyi qəhrəmanlıq – düşməni yalın əllə məhv edərək şəhəri azad etməsi gerçəyi deyilənlərə nümunədir.
Məhz bu ruh yüksəkliyinin və peşəkarlığın nəticəsidir ki, Azərbaycan Ordusu otuz ilə yaxın müddətdə möhkəmləndirilmiş istehkamlarda güclü mövqelər quran düşmənə qarşı çətin relyef şəraitində ən müasir standartlar səviyyəsində döyüş apararaq, 44 gün ərzində şanlı Qələbə qazandı. Rəşadətli Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək ümumilikdə 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Bu, dünyanın müasir hərb tarixində misli görünməmiş uğurlu hərbi əməliyyat idi. Ermənistan ordusu demək olar ki, məhv edildi, düşmənin 3,8 milyard dollarlıq silah-sursatı sıradan çıxarıldı.

Müzəffər Ali Baş Komandan bu şanlı Qələbənin qazanılmasının əsasında ən müasir silahların deyil, Azərbaycan Ordusunun qəhrəman hərbçilərinin dayandığını dəfələrlə vurğulayıb. Dövlətimizin başçısının çıxışlarının birində dediyi bu sözlər Azərbaycan Ordusunun qəhrəmanlığına və peşəkarlığına verilən yüksək qiymətin əyani təsdiqidir: “Bu, yeni nəsil müharibə üsuludur, hansı ki, planlaşdırma, texniki təchizat, texnologiyaların tətbiqi, əməliyyatların düzgün planlaşdırılması və həyata keçirilməsi, hərbçilərimizin döyüş qabiliyyəti və mənəvi ruh birləşir, vəhdət təşkil edir. Ancaq mən bunu artıq bir neçə dəfə demişəm, bu qələbəni qazanan bizim texniki vasitələr yox, əsgər və zabitlərimizdir. Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər. Ona görə bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir”.
Azərbaycan Ordusunun yüksək hazırlıqlı zabit, gizir, miçman, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları və mülki heyətlə keyfiyyətli komplektləşdirilməsi istiqamətində vacib işlər aparılır. Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində ehtiyat zabit hazırlığı, gizir hazırlığı və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlanması üçün mütəmadi olaraq toplanışlar təşkil olunur və keçirilir. Müasir müharibələrin tələblərinə uyğun kadrların hazırlanmasının təkmilləşdirilməsi məqsədilə sürətlə dəyişən əməliyyat mühitində çevik qərar qəbul edən və yüksək adaptasiya qabiliyyəti olan kadrların hazırlanması istiqamətində xarici ölkələrin qabaqcıl təcrübələri öyrənilir, mənimsənilir və ölkəmizin hərbi maraqlarına uyğunlaşdırılaraq Azərbaycan Ordusunda tətbiq olunur.

Gənclərin hərbi təhsilə cəlb olunması, kursantlar üçün sosial təminat mexanizmlərinin tətbiqi və hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi də dövlət siyasətinin əsas istiqamətlərindən biridir.

Azərbaycan Ordusu uzun və şərəfli inkişaf yolu keçərək regionun ən güclü ordularından birinə çevrilmişdir. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilmiş və mühüm nailiyyətlər əldə edilmişdir.
44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər və 2023-cü ildə dövlət suverenliyinin tam bərpası Azərbaycan Ordusunun qüdrətini bütün dünyaya nümayiş etdirmişdir. Bu gün Azərbaycan Silahlı Qüvvələri ölkəmizin təhlükəsizliyinin, müstəqilliyinin və milli maraqlarının etibarlı təminatçısı kimi fəaliyyət göstərir. Güclü dövlətin əsas dayaqlarından biri olan güclü Azərbaycan Ordusu gələcəkdə də dövlətçiliyimizin qorunmasına və inkişafına xidmət edəcəkdir.

Müəllimlərin Sertifikasiya imtahanında məktəbimizin Tarix müəllimi Keytiyev Qalib Hüseyn oğlu 55 bal toplayıb.Kollektivi...
25/06/2026

Müəllimlərin Sertifikasiya imtahanında məktəbimizin Tarix müəllimi Keytiyev Qalib Hüseyn oğlu 55 bal toplayıb.
Kollektivimizin adından Qalib müəllimi təbrik edir, gələcək pedaqoji fəaliyyətində uğurlar arzulayırıq!

26 aprel 2026-cı il tarixdə Buraxılış imtahanlarında yüksək nəticə göstərən şagirdlərimiz   .
03/06/2026

26 aprel 2026-cı il tarixdə Buraxılış imtahanlarında yüksək nəticə göstərən şagirdlərimiz


.

Gədəbəy rayonu İntiqam Mahmudov adına Gərgər kənd tam orta ümumtəhsil məktəbinin 11-ci sinif şagirdləri buraxılış imtaha...
29/04/2026

Gədəbəy rayonu İntiqam Mahmudov adına Gərgər kənd tam orta ümumtəhsil məktəbinin 11-ci sinif şagirdləri buraxılış imtahanlarında yüksək nəticə göstərərək məktəbimizin adını ucaltmışlar.
​Rəsulov Ömər Afiq oğlu – 251 bal
​Nağızadə Aişə Zirəddin qızı – 216 bal
​Şagirdlərimizi, onların valideynlərini və üzərlərində əməyi olan bütün müəllimləri ürəkdən təbrik edirik! İnanırıq ki, bu gənclər növbəti mərhələlərdə də böyük uğurlara imza ataraq vətənimizə layiqli şəxsiyyətlər olacaqlar.
​Yolunuz açıq olsun! 🇦🇿

𝐏𝐫𝐞𝐳𝐢𝐝𝐞𝐧𝐭 İ𝐥𝐡𝐚𝐦 Ə𝐥𝐢𝐲𝐞𝐯𝐢𝐧 𝐯ə 𝐏𝐫𝐞𝐳𝐢𝐝𝐞𝐧𝐭 𝐕𝐨𝐥𝐨𝐝𝐢𝐦𝐢𝐫 𝐙𝐞𝐥𝐞𝐧𝐬𝐤𝐢𝐧𝐢𝐧 𝐚𝐩𝐫𝐞𝐥𝐢𝐧 𝟐𝟓-𝐝ə 𝐀𝐳ə𝐫𝐛𝐚𝐲𝐜𝐚𝐧𝐚 𝐬ə𝐟ə𝐫𝐢 𝐳𝐚𝐦𝐚𝐧ı 𝐦ə𝐭𝐛𝐮𝐚𝐭𝐚 𝐯𝐞𝐫𝐝𝐢𝐲𝐢 𝐛ə𝐲...
28/04/2026

𝐏𝐫𝐞𝐳𝐢𝐝𝐞𝐧𝐭 İ𝐥𝐡𝐚𝐦 Ə𝐥𝐢𝐲𝐞𝐯𝐢𝐧 𝐯ə 𝐏𝐫𝐞𝐳𝐢𝐝𝐞𝐧𝐭 𝐕𝐨𝐥𝐨𝐝𝐢𝐦𝐢𝐫 𝐙𝐞𝐥𝐞𝐧𝐬𝐤𝐢𝐧𝐢𝐧 𝐚𝐩𝐫𝐞𝐥𝐢𝐧 𝟐𝟓-𝐝ə 𝐀𝐳ə𝐫𝐛𝐚𝐲𝐜𝐚𝐧𝐚 𝐬ə𝐟ə𝐫𝐢 𝐳𝐚𝐦𝐚𝐧ı 𝐦ə𝐭𝐛𝐮𝐚𝐭𝐚 𝐯𝐞𝐫𝐝𝐢𝐲𝐢 𝐛ə𝐲𝐚𝐧𝐚𝐭

Azərbaycan və Ukrayna arasında münasibətlər son illər keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Bu münasibətlər yalnız siyasi dialoqla məhdudlaşmayaraq, iqtisadi, enerji və təhlükəsizlik sahələrini də əhatə edən çoxşaxəli əməkdaşlıq formatına çevrilmişdir. Prezident İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana səfəri zamanı verdiyi bəyanat bu əlaqələrin mövcud vəziyyətini və gələcək inkişaf istiqamətlərini sistemli şəkildə ifadə edir. Bu baxımdan, bəyanat iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi üçün mühüm siyasi sənəd kimi qiymətləndirilə bilər.

Azərbaycan və Ukrayna arasında siyasi dialoq yüksək dinamika ilə inkişaf edir. Son illərdə prezidentlər səviyyəsində keçirilən çoxsaylı görüşlər bu münasibətlərin davamlı və sistemli xarakter daşıdığını göstərir. Xüsusilə dörd il ərzində yeddi görüşün baş tutması siyasi əlaqələrin intensivliyini açıq şəkildə nümayiş etdirir.

Liderlər arasında formalaşmış qarşılıqlı etimad mühiti dövlətlərarası münasibətlərin inkişafında mühüm rol oynayır. Bu etimad siyasi qərarların daha çevik qəbuluna, əməkdaşlığın isə daha səmərəli həyata keçirilməsinə imkan yaradır.

Azərbaycan–Ukrayna münasibətləri möhkəm hüquqi baza üzərində qurulmuşdur. 2008-ci ildə Kiyevdə və 2011-ci ildə Bakıda imzalanmış sənədlər iki ölkə arasında strateji tərəfdaşlığın əsasını təşkil edir.

Bu sənədlərdə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı kimi prinsiplər əsas yer tutur. Hər iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləməsi bu prinsiplərin praktik müstəvidə də tətbiq olunduğunu göstərir.
İkitərəfli münasibətlərin inkişafında institusional mexanizmlər xüsusi əhəmiyyət kəsb edir. Xarici İşlər nazirlikləri arasında keçirilən mütəmadi məsləhətləşmələr siyasi dialoqun davamlılığını təmin edir.

Hökumətlərarası Komissiya isə iqtisadi və texniki sahələrdə əməkdaşlığın koordinasiyasında mühüm rol oynayır. Bu mexanizm vasitəsilə konkret layihələr müzakirə olunur və həyata keçirilir ki, bu da əməkdaşlığın real nəticələrini artırır.

Energetika sektoru Azərbaycan və Ukrayna arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir. SOCAR-ın Ukraynada fəaliyyəti bu sahədə qarşılıqlı etimadın və uğurlu əməkdaşlığın göstəricisidir.
Eyni zamanda yeni investisiya layihələrinin müzakirəsi enerji əməkdaşlığının geniş perspektivlərə malik olduğunu göstərir. Bu sahədə əməkdaşlıq regional enerji təhlükəsizliyi baxımından da xüsusi əhəmiyyət daşıyır.

İki ölkə arasında ticarət dövriyyəsinin artması iqtisadi əməkdaşlığın müsbət dinamikasını nümayiş etdirir. Mövcud potensial nəzərə alınaraq bu göstəricinin daha da artırılması mümkündür.
Qarşılıqlı investisiya imkanlarının genişlənməsi, yeni layihələrin həyata keçirilməsi və iqtisadi əlaqələrin şaxələndirilməsi gələcək inkişafın əsas istiqamətləri kimi çıxış edir.

Hərbi-texniki əməkdaşlıq iki ölkə arasında strateji sahələrdən biri hesab olunur. Həm Azərbaycanda, həm də Ukraynada hərbi sənaye kompleksinin inkişafı birgə istehsal və texnologiya mübadiləsi üçün geniş imkanlar yaradır.

Bu əməkdaşlıq yalnız müdafiə sahəsi ilə məhdudlaşmır, eyni zamanda sənaye potensialının artırılmasına və yeni texnologiyaların tətbiqinə də xidmət edir.

Ümumilikdə, Prezident Zelenskinin Azərbaycana səfəri Azərbaycan–Ukrayna münasibətlərinin inkişafında mühüm mərhələ kimi qiymətləndirilə bilər. Mövcud siyasi iradə və qarşılıqlı maraqlar əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyini göstərir.

Bu münasibətlər yalnız ikitərəfli çərçivədə deyil, həm də regional və beynəlxalq səviyyədə sabitlik, əməkdaşlıq və tərəfdaşlıq baxımından mühüm əhəmiyyət kəsb edir.

15/04/2026

Akademik Zərifə Əliyevanın anım günü: Azərbaycan tibb elminin parlaq siması

Akademik Zərifə Əliyeva Azərbaycan tibb elminin inkişafında mühüm rol oynamış, oftalmologiya sahəsində böyük elmi nailiyyətlər əldə etmiş görkəmli alim, fədakar həkim və yüksək mənəvi keyfiyyətlərə malik ziyalıdır. Onun həyatı və fəaliyyəti Azərbaycan səhiyyəsinin inkişaf tarixində xüsusi mərhələ təşkil edir. 15 aprel – onun anım günü yalnız bir xatirə günü deyil, həm də elmin, insanpərvərliyin və vətənə xidmətin təntənəsidir.

Zərifə Əziz qızı Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikasında anadan olmuşdur. Erkən yaşlarından elmə və təhsilə böyük maraq göstərmiş, orta məktəbi uğurla bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuşdur. 1947-ci ildə institutu fərqlənmə ilə bitirərək həkimlik fəaliyyətinə başlamışdır. Onun seçdiyi bu yol sonradan böyük elmi nailiyyətlərlə müşayiət olunmuşdur.

Zərifə Əliyeva 1949-cu ildən Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda fəaliyyətə başlamışdır. O, həm praktik həkim, həm də alim kimi fəaliyyət göstərərək oftalmologiya sahəsində mühüm tədqiqatlar aparmışdır. Onun elmi fəaliyyəti daim praktik təcrübə ilə vəhdət təşkil etmişdir ki, bu da əldə olunan nəticələrin daha effektiv tətbiqinə şərait yaratmışdır.

Azərbaycanda traxomanın kökünün kəsilməsini qarşısına məqsəd qoyan Zərifə xanım bu problemin nə qədər çətin və mürəkkəb olduğunu çox yaxşı bilirdi. Lakin işin çətinliyinə və məsuliyyətinə baxmayaraq, o, tezliklə böyük uğurlar əldə edir.

XX əsrin ortalarında Azərbaycanda geniş yayılmış traxoma xəstəliyi ciddi sosial problem idi. Zərifə Əliyeva bu xəstəliyə qarşı mübarizədə böyük fədakarlıq göstərmiş, regionlara səfərlər edərək əhali arasında maarifləndirmə işləri aparmışdır. Onun hazırladığı müalicə və profilaktika metodları nəticəsində bu xəstəliyin yayılması minimuma endirilmişdir.

Zərifə Əliyeva oftalmologiyanın müxtəlif sahələrində fundamental tədqiqatlar aparmışdır. Qlaukoma, virus mənşəli göz xəstəlikləri, görmə orqanının peşə patologiyaları onun əsas tədqiqat istiqamətləri olmuşdur. Onun elmi əsərləri yalnız Azərbaycanda deyil, beynəlxalq səviyyədə də yüksək qiymətləndirilmişdir.

Alim eyni zamanda pedaqoji fəaliyyətlə məşğul olmuş, gənc həkimlərin hazırlanmasına böyük töhfə vermişdir. Onun rəhbərliyi altında bir çox mütəxəssislər yetişmişdir. Zərifə Əliyeva həmçinin müxtəlif ictimai təşkilatlarda fəal iştirak etmiş, səhiyyənin inkişafı ilə bağlı mühüm təşəbbüslərlə çıxış etmişdir.

Böyük xidmətlərinə, çoxillik elmi-tədqiqat işlərinə görə professor Z.Ə.Əliyeva 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilmişdir.

Elmi araşdırmalar nəticəsində Z.Əliyeva bir neçə monoqrafiya, o cümlədən “Şin istehsalında gözün peşə patologiyası”, “Xroniki yod intoksikasiyası ilə bağlı oftalmologiya”, “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” monoqrafiyalarını çap etdirdi. Alimin bir sıra elmi işləri görmə orqanında bədxasiyyətli şişlərin diaqnostikasına və müalicəsinə həsr olunmuşdur. Z.Əliyevanın daktriologiyadan bəhs edən – “Göz sulanmasının fiziologiyası”, “Göz sulanmasının müasir cərrahiyə üsulları ilə müalicəsi” monoqrafiyaları təkcə oftalmoloqların yox, həm də fizioloqların diqqətini cəlb edib. Zərifə xanım Əliyeva fundamental “Terapevtik oftalmologiya” kitabının müəlliflərindən biridir. Bu kitab indi də hər bir oftalmoloq üçün stolüstü kitab olaraq qalır. Z.Əliyeva 150-yə yaxın elmi əsərin, 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlərinin, 1 ixtira, 12 səmərələşdirici təklifin müəllifi və həmmüəllifi olmuşdur.

Bütün bu elmi fəaliyyəti ilə yanaşı Zərifə xanım eyni zamanda qayğıkeş ana, gözəl, vəfalı ömür-gün yoldaşı olmuşdur. Bu ocaqda iki övlad böyüyüb – ata-anasına layiq, qəlblərində daim Azərbaycan sevgisi yaşadan, vətənimizin qüruru sayılan övladlar kimi. Deyirlər, ana övladını özündən də çox istəyir. Tanrının bəxş etdiyi övladlarına qarşı Zərifə xanım məhz belə ana idi. Enişli-yoxuşlu ömür yollarında birgə addımladığı həyat yoldaşı, ümummilli liderimiz, əbədi prezidentimiz Heydər Əliyev gərgin fəaliyyətlə məşğul olan, həyatını bütövlükdə Azərbaycana həsr edən böyük şəxsiyyət kimi yorulmadan müqəddəs amallar yolunda öz qüvvəsini əsirgəmirdi.

Təəssüf ki, müstəqil Azərbaycanımızın bu gününü görə bilmədi Zərifə xanım. Ömrünün 62-ci baharında, 1985-ci il aprelin 15-də Moskva şəhərində dünyasını dəyişdi. Azərbaycan adlı bir məmləkəti hər cür təqiblərdən qoruyan, bu torpağa qol-qanad verən, onu bütün dünyaya tanıdan bir insanı tək qoyub getdi. Sarsıldı, həyatı qədər sevdiyi Zərifə xanımı itirdi, onun yoxluğu ilə heç cür barışa bilmədi.

Ulu Öndər Heydər Əliyev Zərifə xanım Əliyeva haqqında:
Gənc yaşlarımdan mənim həyatım dövlət işi ilə bağlı olubdur. Mən bütün həyatımı buna sərf etmişəm və bu gün də bu yolda çalışıram. Bu yolda mənim həmişə səmərəli, müvəffəqiyyətlə çalışmağımda hesab edirəm ki, ailə vəziyyətimin çox böyük rolu olub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib.

Zərifə xanım çox böyük alim olub. Mən hələ onunla həyat quranda o, artıq elm yolunda idi, elmlə məşğul idi. Onun elmi fəaliyyəti məlumdur. O, çox istedadlı, çox xeyirxah, çox sadə insan idi. Mən bu barədə çox danışa bilərəm, ailəmin yaşaması, bu günlərə çatması, övladlarımın tərbiyəsi üçün və həyatımda onun əvəzsiz rolu üçün mən bu gün Zərifə xanımın məzarı qarşısında baş əyirəm. On il keçsə də, onu bir dəqiqə belə unutmuram və unutmayacağam. Mənim övladlarım da bu əhval-ruhiyyədədirlər. Onlar bu əhval-ruhiyyə ilə tərbiyələniblər, formalaşıblar. Ona görə də bu gün bizim üçün müqəddəs gündür.

Bu gün xoşbəxt gündür. Çünki bu gün Zərifə xanım kimi böyük bir insan Yer üzünə gəlib, mənim həyatımı xoşbəxt edib, mənə gözəl övladlar bəxş edib. Eyni zamanda, qəmli gündür. On il keçsə də, mən bu qəmdən ayrıla bilmirəm.

Prezident İlham Əliyev Zərifə xanım Əliyeva haqqında:
“Mənim anam əsl alim idi. O, tibbin bütün incəliklərini öyrənməyə səy göstərirdi. Bununla bərabər mənimlə, Sevillə məşğul olmağa, bizi Azərbaycanın layiqli vətəndaşları kimi tərbiyə etməyə, böyütməyə vaxt tapırdı. O, həmişə mənim qəlbimdədir.”

Respublika Fənn müsabiqəsinin yarım final mərhələsinə uğur qazanan şagirdimiz.Tağızadə Zaur Fənn :RiyaziyyatŞagirdimizə ...
07/04/2026

Respublika Fənn müsabiqəsinin yarım final mərhələsinə uğur qazanan şagirdimiz.
Tağızadə Zaur
Fənn :Riyaziyyat
Şagirdimizə növbəti mərhələdə uğurlar arzulayırıq!


𝟐𝟔 𝐅𝐞𝐯𝐫𝐚𝐥-𝐗𝐨𝐜𝐚𝐥ı 𝐬𝐨𝐲𝐪ı𝐫ı𝐦ı: 𝐓𝐚𝐫𝐢𝐱𝐢 𝐲𝐚𝐝𝐝𝐚𝐬̧ 𝐯ə ə𝐝𝐚𝐥ə𝐭 𝐭ə𝐧𝐭ə𝐧ə𝐬𝐢Xocalı soyqırımı XX əsrin sonunda Azərbaycan xalqına qarşı...
25/02/2026

𝟐𝟔 𝐅𝐞𝐯𝐫𝐚𝐥-𝐗𝐨𝐜𝐚𝐥ı 𝐬𝐨𝐲𝐪ı𝐫ı𝐦ı: 𝐓𝐚𝐫𝐢𝐱𝐢 𝐲𝐚𝐝𝐝𝐚𝐬̧ 𝐯ə ə𝐝𝐚𝐥ə𝐭 𝐭ə𝐧𝐭ə𝐧ə𝐬𝐢

Xocalı soyqırımı XX əsrin sonunda Azərbaycan xalqına qarşı törədilmiş ən ağır və dəhşətli cinayətlərdən biridir. Tarixin elə ağrı-acılı, qanlı-qadalı səhifələri olub ki, onların dəhşətləri zaman keçdikcə üzə çıxır, yaralarından qan süzülür, sağalmasına heç bir ümid qalmır. Elə Xocalı müsibəti kimi! 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərinə hücum edilmiş, dinc əhaliyə qarşı misli görünməmiş vəhşiliklər törədilmişdir. Bu faciə yalnız bir şəhərin deyil, bütövlükdə Azərbaycan xalqının faciəsi olmaqla yanaşı, bəşəriyyətə qarşı törədilmiş cinayət kimi tarixə düşmüşdür.

Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi etnik təmizləmə və işğal siyasətinin tərkib hissəsi olmuşdur. Strateji mövqedə yerləşən Xocalı şəhəri Qarabağın yeganə hava limanına malik idi və regionda mühüm əhəmiyyət daşıyırdı. Şəhərin işğalı ilə bölgədə azərbaycanlı əhalinin müqavimət imkanları zəiflədilmişdir.

Yalnız Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş dəhşətli cinayət əməli nəticəsində 613 nəfər dinc azərbaycanlı milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilib, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olub. Nəticədə 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Bundan başqa, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinın taleyi naməlumdur.

İşğalın nəticəsində Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, 3 mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi dağıdılıb. Şəhərdə XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olunub, qəbiristanlıq vandallara xas üsullarla dağıdılıb.

“Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir” - deyən Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etdi.

Xatın, Sonqmi və Holokost soyqırımı kimi dəhşətli faciələrlə bir sırada dayanan Xocalı Soyqırımı neçə illərdən bəri ermənilərin öz havadarlarının dəstəyi ilə azərbaycanlılara qarşı yönəldilmiş etnik təmizləmə siyasətinin məntiqi nəticəsi idi.

Beynəlxalq hüquqa görə, soyqırımı sülh və insanlıq əleyhinə yönələn əməldir və ən ağır cinayət hesab edilir. Bu barədə BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi qəbul edilmiş və 1951-ci il yanvarın 12-dən qüvvəyə minən “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması” Konvensiyasında soyqırımı cinayətinin hüquqi əsası təsbit olunmuşdur. Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı həmin konvensiyada təsbit edilmiş soyqırımı cinayətini təşkil edən bütün əməllər azərbaycanlılara qarşı tətbiq olunmuşdur. Ermənistanın bu cinayətkar siyasətinin davamlılığını sübut edən faktlardan biri də budur ki, təkcə XX əsrdə azərbaycanlılar 4 dəfə - 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və nəhayət, 1988-1993-cü illərdə erməni millətçiləri tərəfindən törədilən soyqırımı və etnik təmizləmələrə məruz qalmışlar. Xocalı soyqırımı bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınmış və xatırlanmışdır. Bu vaxtadək, Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları, həmçinin ABŞ-ın 20-dən çox ştatı tərəfindən müvafiq parlament qətnamələri qəbul edilmişdir.

20 noyabr 2012-ci il tarixində Cibutidə keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu sessiyasında Xocalıda törədilmiş cinayətləri soyqırımı kimi tanıyan qətnamə qəbul edilmişdir.

Xocalı həqiqətlərinin dünyaya çatdırılması, bu həqiqətlərin beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində Heydər Əliyev Fondunun gördüyü işlər də xüsusi vurğulanmalıdır. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlayan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində dünya ölkələrində mitinqlər, yürüşlər və tədbirlər təşkil olunmuşdur ki, bunun da əsas məqsədi Xocalı qətliamının insanlığa qarşı törədilmiş ən böyük cinayət kimi beynəlxalq ictimaiyyət tərəfindən tanınmasıdır. Kampaniya çərçivəsində təşkil edilən tədbirlərdə əsas diqqət kütləvi qırğınlara, etnik təmizləmə və irqi, etnik və ya dini ayrı-seçkilik hallarına qarşı güclü müqaviməti nümayiş etdirməyə, Xocalı soyqırımı qurbanları ilə həmrəyliyi ifadə etməyə və Xocalıda azərbaycanlılara qarşı törədilmiş cinayətlərə görə cəzasızlıq halları ilə mübarizəyə yönəlmişdir. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir və hazırkı tarixdə 100 mindən çox şəxs və 115 təşkilat onun fəaliyyətini dəstəkləyir.

İkinci Qarabağ müharibəsinin Böyük Zəfəri və qazanılan Qələbə, yəni torpaqlarımızın işğaldan azad edilməsi, Şuşada Azərbaycan bayrağının dalğalanması dünyaya göstərdi ki, biz torpaqlarımıza, Qarabağımıza qayıtmışıq! Bu qayıdış təkcə bizim haqqımızın bərpası deyildi, bu, həm də şəhidlərimizin qisası idi. Məhz həmin Qələbə Xocalı qətliamı qurbanlarının qisasının alınması idi. Deməli, bu Qələbə bütün şəhidlərimiz kimi, Xocalı şəhidlərinin də ruhunun rahatlığı idi. Şad olan ruhlar Böyük Zəfərin əzəmətini, onun tarixini bir az da artırdı. Hər kəsə göstərdi ki, Ali Baş Komandanımız cənab İlham Əliyev başda olmaqla, Azərbaycan ordusu və Azərbaycan xalqı öz sərhədlərini bərpa etmək, öz haqqını sübut etmək və onu qorumaq gücündədir.

2023-cü ilin sentyabr ayında həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində Xocalı şəhəri tam nəzarətə götürülmüşdür.

15 oktyabr 2023-cü ildə Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağının ucaldılması tarixi ədalətin bərpasının rəmzi hadisəsi kimi qiymətləndirilir.

Bəli, bu gün Xocalı şəhidlərinin ruhu rahatdır. Çünki onların qisası alınıb! Hər il Xocalı soyqırımının ildönümü ilə əlaqədar minlərlə insanın iştirakı ilə “Ana harayı” abidəsi önündə anım mərasimi keçirilir.

Hazırda Xocalı şəhərində və kəndlərində genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı təmin edilir. Xocalı soyqırımı Azərbaycan xalqının milli yaddaşında silinməz iz qoymuşdur.

Bu faciənin beynəlxalq səviyyədə daha geniş tanıdılması, hüquqi-siyasi qiymətin verilməsi və gələcək nəsillərə çatdırılması mühüm vəzifə olaraq qalır.Tarixi ədalətin bərpası ilə yanaşı, informasiya mübarizəsinin davam etdirilməsi, memorial komplekslərin yaradılması Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında əsas istiqamətlərdir.

Address

Kedabek

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

+994552693050

Website

Alerts

Be the first to know and let us send you an email when İntiqam Mahmudov adına Gərgər kənd tam orta ümumtəhsil məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to İntiqam Mahmudov adına Gərgər kənd tam orta ümumtəhsil məktəbi:

Shortcuts

Share