25/09/2021
Samir Cavadov
(Part 2) Müsahib mikrobiologiya və immunologiya kafedrasının dossenti Dr.Samir Cavadov
Ps: Müsahibənin əvvəli səhifəmizdə paylaşılmışdır! Buyurun ardını oxuya bilərsiz.
S: Xaricdə təhsilə necə baxırsız?
C: Yaxşı. Amma qayıdıb kiməsə yuxarıdan aşağı baxmaq yox, orada öyrəndiyini buradakı həmkarları ilə paylaşarsa daha gözəl nəticələr əldə edilmiş olar. Bir nəfər on nəfərə öyrətsə, o on nəfərdə hərəsi on nəfərə öyrətsə səhiyyəmiz daha yaxşı inkişaf edər. Bizim cəmiyyətdə həkimlər sosial şəbəkələrdə bir birini qınayır. Hansı həkim səhv edirsə o biri deyir filan həkim səhv etdi mən düzəltdim amma bunu başqa cür də etmək olar. Bir seminar təşkil etmək olar və həmin seminarda mövcud problemləri qabardaraq həll yollarını göstərmək olar ki, bu xəstəliyin protokolu bu qaydadır. Hamıya öyrətmək olar amma bizdə yalnız qınaq məqsədilə və özünü reklam məqsədilə bu kimi şeylər edilir!!!
S: Niyə məhz mikrobiologiya?
C: İkinci kursda mikrobiologiya dərsi keçəndə mənə bizim kafedranın dosenti, çox sevdiyim müəllimim Adil Bayramov elmi iş vermişdi. O vaxtdan mənə mikrobiologiyanı sevdirdi. Elmi işlə dərsə mane olmamaq məqsədilə həmişə dərsdən sonra məşğul olurdum. Adil müəllim işdən çıxana qədər onun yanında olurdum və öyrənirdim. Bu mən universiteti qurtarana qədər davam etdi və mən mikrobiologiyaya bağlandım.
S:Rezidentura səviyyəsi sizi qane edir?
C: Belə deyək mən rezidentlərimi özüm seçirəm və şərt qoyuram o şərtə razıdılarsa qəbul edirəm. İndiyə qədər razı olmadığım rezidentim olmayıb. Mən rezitenti baxmaqla yetişdirmirəm. İki və ya üç ay baxdıqdan sonra özləri sərbəst işləməlidirlər. Bundan sonra mən baxıram ne sualları da olsa kömək edirem.
S: Bədii kitablarla aranız necədir?
C: Çox gözəldir. Əsasən tarixi esərləri sevirəm. Hal hazırda oxuduğum əsər “Troyanın süqutu”dur.
S: Tibb universitetinin imtahan sistemi sizcə tələbələri qane edir?
C: Test sistemi qane edir amma bu sistem qane etmir. Dünyanın heç bir yerində belə bir sistem yoxdur. Suallar verilir, cavablar verilir sizdə imtahan verirsiz. Heç bir ədalətə də uyğun deyil! Heç oxumayan tələbələr belə imtahanda oxuyanlardan daha çox bal toplayır. İndi tələbələr heç referata da gəlmirki onsuz da imtahandan 50 yazıb keçəcəm. Əslində boloniya sistemi belə deyil. Bizdə nəsə düzəldəndə onu Azərbaycansayağı edirlər. O cür sistem yarada bilərlər ki, xaricdəki kimi ara imtahanlar olsun, bu imtahanlarda giriş balı yazılsın, bir də əsas imtahanla yekun bal müəyyənləşsin. Tələbədən gündəlik dərs soruşmazlar! Tələbəyə gündəlik dərs danışarlar, izah edərlər! Bura orta məktəb deyil!!!
S: Ədəbiyyatlarımız barədə nə deyə bilərsiz?
C: Kitab yazmaq Azərbaycandadır ancaq! Dünya təcrübəsində isə mövcüd ədəbiyyatlardan istifadə edilir. Yaxşı ədəbiyyatlar seçilir, müəyyənləşdirilir, dili uyğundursa istifadə edilir, uyğun deyilsə razılıq alınaraq tərcümə edilib istifadə edilir. Məsələm Guyton tibbi fiziologiya aid kitab dünyada referens kitablardan biridir amma bizdə soruşsanız çox müəllim qəbul etməyəcək.Biz isə kitabları bəzəyirik, bir mövzunu edirik əlli səhifə, tələbə də kitabı açır görür əlli səhifədi oxumur! Kitab gərək kitab formatında olsun.
S: Son olaraq tələbələrə məsləhətiniz.
C: Tələbələrə məsləhətim ilkin olaraq şablon oxuma tipindən çıxmalıdırlar! Tibbdə lazım olan çox oxumaq və araşdırmaqdır. Bir tələbədə ki, araşdırma ruhu yoxdursa işi çox çətin olacaq. Oxuyarkən analiz edərək oxumalıdır. Oxuduğunu özününküləşdirməlidir. Tələbə sırf universiteti bitirmək üçün oxumamalıdır!
-Müsahibəyə görə çox sağ olun