15/06/2026
13 iyun 2026-cı il tarixində Qubadlı rayon Ç.Quliyev adına Çardaxlı kənd tam orta ümumtəhsil məktəbində 2025–2026-cı tədris ilinin başa çatması münasibətilə “Son zəng” tədbiri keçirildi.
Tədbirdə məktəbin rəhbərliyi, pedaqoji kollektiv, valideynlər, məzunlar və ictimaiyyət nümayəndələri iştirak etdilər. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, xalqımızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin və Ulu Öndərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Çıxış edənlər məzunları bu əlamətdar gün münasibətilə təbrik edərək onlara gələcək həyatlarında uğurlar arzuladılar. Bildirildi ki, məktəb illəri hər bir insanın həyatında xüsusi yer tutur və bu illər ərzində qazanılan bilik, bacarıq və dəyərlər gələcək uğurların möhkəm təməlini təşkil edir.
Məzunların hazırladıqları bədii kompozisiyalar və musiqi nömrələri iştirakçılar tərəfindən maraqla qarşılandı. Şagirdlər müəllimlərinə və valideynlərinə göstərdikləri qayğı və dəstəyə görə minnətdarlıqlarını ifadə etdilər.
Sonda ənənəvi “Son zəng” səsləndirildi. Bu zəng məzunlar üçün məktəb həyatı ilə vidalaşmanın, eyni zamanda yeni hədəflərə və böyük arzulara doğru atılan ilk addımın rəmzi oldu. Bütün məzunlarımızı təbrik edir, onlara ali təhsil pilləsində və gələcək həyat yollarında uğurlar arzulayırıq. İnanırıq ki, onlar qazandıqları bilik və dəyərlərlə ölkəmizin inkişafına layiqli töhfələr verəcək, doğma məktəblərinin adını daim uca tutacaqlar.